3 il öncə Sabirabad bazarında başlanan və 6 obyekti əhatə edən yanğınla bağlı məhkəmə çəkişməsi davam edir.
Eləcə də bax: “Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi ilə bağlı - İLK RƏQƏM AÇIQLANDI
FED.az xəbər verir ki, hadisə ilə bağlı istintaqın cinayət işinin başlanılmasının rədd edilməsi haqda qərarından “Azsığorta” şirkəti Nərimanov Rayon Məhkəməsinə şikayət edib. Belə ki, şirkət hadisənin qəza olması ilə şübhəli məqamlar olduğunu iddia edir. İddiaya görə, hadisənin qəza nəticəsində yox, qəsdən törədilməsi ehtimalı dəqiq araşdırılmayıb.
Şikayətdə qeyd edilib ki, 2019-cu il iyulun 16-da Məmməd Mənsimova məxsus ərzaq mağazasında başlanan yanğın zamanı yaxınlıqdakı “Çıraq market, çayxana, təsərrüfat malları dükanı və “Günəş-Butik” qadın geyimləri dükanı yanıb: “Yanğın zamanı sığortası olan “Çıraq market”ə dəyən zərər “Azsığorta” tərəfindən ödənilib. Daha sonra cinayət işinin materiallarına baxış keçirilərkən məlum olub ki, müstəntiq obyektiv araşdırma aparmayıb, məhkəmə yanğın-texniki ekspert rəyini qiymətləndirməyib, həmçinin, şahidin hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə sənədləri saxtalaşdırıb”.
Məhkəməyə təqdim edilən ərizədə qeyd olunub ki, hadisə yerinə baxış protokolunda yanğın başlayan ərzaq mağazasında elektrik xətləri “soyuq burma” üsulu ilə birləşdirilib və yanğının bu səbəbdən baş verdiyi ehtimal edilir: “İstintaq zamanı isə müstəntiq Ramal Allahverdiyev bu hala qiymət verməyib. Halbuki “Ticarət və İctimai İaşə Müəssisələri, Yarmarkalar, Baza və Anbarlar üçün Yanğın Təhlükəsizliyi Qaydaları”na əsasən elektrik naqillərini düyünləmək və burmaq qadağandır.
Cinayət işinin başlanılması rədd edilərkən yanğından öncə həmin mağazada elektrik təsərrüfatının yoxlanıldığına dair aktlara istinad edilib. Lakin həmin aktları tərtib edən Sənan Allahverdiyev izahatında qeyd edib ki, həmin ərzaq mağazasında elektrik xətlərini yoxlamayıb. O bildirib ki, həmin aktlar ümumi istintaq sənədləri arasında olub və həmin aktları bilmədən imzalayıb”.
Yanğında yanan “Çıraq” marketi sığorta edən “Azsığorta” bütün bunlara əsaslanaraq yanğın üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsini, hadisə ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorkuq orqanlarında yenidən araşdırma aparılmasını xahiş edib.
İşə hakim Hafiz Kamranovun sədrliyi ilə mayın 5-də baxılacaq.
Qeyd edək ki, oxşar hadisə ilə bağlı bir müddət öncə qonşuluqda yerləşən Saatlı rayon prokurorluğu Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başladıb. Belə ki, “Araz-Şöhrət” ticarət mərkəzində Rzayev Nadir Surxay oğlu istifadəsində olan piştaxtaya aliminium kabeli mis naqillə “soyuq burma” üsulu ilə birləşdirməsinə görə yanğına səbəb olub. N.Rzayev qonşuluğunda yerləşən piştaxta sahiblərinə zərər vurduğu üçün təqsirli bilinib, məhkəmənin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Qafqazinfo)