Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.
Eləcə də bax: Şahid: "Qarabağ əlilləri üçün tikilən hər evə görə nazirliyə 6 min manat verirdik"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda “Avromed” dərman şirkətinin sabiq baş direktoru Əzizə Baxşıyeva ifadə verib. O deyib ki, işlədiyi müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə yalnız bir dəfə 22 500 manatlıq müqavilə bağlayıblar:
“2015-2020-ci illərdə “Avromed”in baş direktoru olmuşam. Mənim rəhbərlik etdiyim dövrdə qanunsuz şəkildə iş görülməyib. Bir dəfə 22 min 500 manatlıq müqaviləmiz olub. Bu da “Avromed” üçün gündəlik əməliyyatlardan biri idi. Çünki bizim ildə 1000-dən çox müqaviləmiz olurdu. Bir dəfə sosionevroloji xidmət mərkəzinə 22 500 manatlıq dərman malları satmışıq. Burda da “otkat” söhbəti olmayıb”.
Ə.Baxşıyevanın ibtidai istintaqa verdiyi ifadə zamanı məlum olub ki, o, ƏƏSMN əməkdaşlarına 22 500 manatlıq müqavilədən 4765 manat “otkat” qaytardığını deyib.
Şahid qismində daha bir böyük dərman firması olan “Riyad Farm”ın direktoru Aqil Quliyev də dindirilib. Məlum olub ki, bu firma sosial rabilitasiya mərkəzlərində istifadə üçün Dövlət Sosial Müdadiə Fonduna (DSMF) 500 min manata yaxın məbləğdə dərman satıb:
“Böyük məbləğdə dərman alan müştərilərə məbləğin 20 faizi miqdarında əlavə dərman hədiyyə edirdik. Amma hər 3-6 aydan bir də bunun yoxlamasını aparırıq ki, bu mallar həqiqətən müştəriyə çatıb, təyinatı üzrə istifadə olunub, ya yox.
Eyni qaydada DSMF-ə də dərman satmışdıq. 20 faiz də əlavə hədiyyə etmişdik. Amma yoxlama zamanı gördük ki, bunlar bizdən qaçır. Ondan sonra biz onlara mal vermədik.
Amma bütün bu məsələlərdə Səlim Müslümovla hər hansı təmasımız olmayıb. Bizimlə əlaqəyə keçənlər DSMF işçiləri olublar. Belə görünür ki, həmin 20 faizi də onlar mənimsəyiblər. Dərmanları satıblar”.
“Riyad Farm” rəhbərinin ibtidai istintaqa verdiyi ifadə elan olunarkən, ziddiyyətlər ortaya çıxıb. Belə ki, DSMF-nin “otkat”ı mal şəklində yox, pul şəklində aldığı müəyyənləşib:
“Axı siz istintaqa ifadənizdə bildirmisiz ki, ümumilikdə 3 müqavilə üzrə 500 min manata yaxın məbləğdə dərman satmısız. 288 min manat bir, 9 min manata yaxın bir və 184 min manat bir. Sizə ödənilən pulun 20 faizini də nazirliyin İqtisadiyyat şöbəsinin rəsmisi Dəyanət Fərəcova vermisiz”,- məhkəmə sədri şahidə bildirib. Şahid isə cavabında “Pul ya mal şəklində, nə fərqi var, eyni şeydir də. Onda belə çıxır mən yalan danışıram”. deyib.
Daha sonra firma rəhbəri istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.
Prosesdə maraq doğuran ifadələrdən birini isə şahid Eldar Əliyev verib. Məhkəmədə məlum olub ki, o, ümumiyyətlə hərfləri tanımır və gözləri yaxşı görmür. Lakin onun adına şirkət rəsmiləşdirilib və qanunsuz yolla şirkət tenderlərin qalibi edilib. Nazirlik tərəfindən şirkətə köçürülən pullar nəğdləşdirilərək götürülüb:
“Mən Maştağada bağda işləyirəm. Əncir qurudub satıram. Evimdə çörək və yumurtadan başqa heç nə yoxdur. Qonşu Məlikhəsən bir dəfə gəldi ki, kasıb adamsan gəl səni işə düzəldim işlə. O özü də quş, toyuq saxlayırdı. Dedi Ayda 200 manat verəcəm. Dediyi kimi də oldu. Şəxsiyyət vəsiqəmi istədi, verdim. Arada sənəd gətirirdi, qol çəkirdim. Təxminən 2 il hər ay 200 manat verdi”.
Məhkəmə oktyabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, DSMF-nin sədri (2002-2013) və ƏƏSM naziri (2013-2018) işlədiyi dövrlərdə rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunub. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Sabiq nazir iş üzrə ümumilikdə vurulan 27 milyon manat ziyanın 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.