Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Müdafiə Nazirliyindəki yeyintiyə görə daha bir - ZABİT HƏBS EDİLDİ
FED.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov və müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müdafiə etdikləri şəxslərin adına sübutların qiymətləndirmə cədvəlində müvafiq olaraq 2 milyon 521 min və 18 milyon 674 min manat mənimsənilmiş pul yazıldığını, lakin həmin məbləğin hansı qaydada çıxarıldığının məlum olmadığını bildiriblər.
Daha sonra təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları elan edilib.
Məlum olub ki, həmin əmlakların bir qismi hələ cinayət işi açılmamışdan əvvəl satılıb, həmçinin bir qismi də müttəhimlərin digər ailə üzvlərinin yaşadığı evlər, eləcə də yaxınlarına məxsus pay torpaqlarıdır.
C.Kazımovun vəkili Əli Adıgözəlov vəsatət verərək bildirib ki, 2022-ci ildə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Ramiz Tahirov müvəkkili barədə istintaqa mənfi xasiyyətnamə verib. Daha sonra o, Müdafiə Nazirliyinə müraciət edərək C.Kazımovla bağlı müsbət xasiyyətnamə ala bilib. Vəkil həmin xasiyyətnamənin işə əlavə olunmasını xahiş edib.
“Sabiq komandan Ramiz Tahirov ilə Cəlal Kazımovun münasibətləri pis olub. O şəxsi münasibətləri işə qatdığı üçün müvəkkilim 2020-ci ildən bu yana müharibə veteranı adını ala bilməyib”, - Ə.Adıgözəlov bildirib.
Məhkəmənin növbəti prosesi avqustun 30-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. (Report)