Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə mobil telefon gətirilərkən ödəniləcək gömrük rüsumları və bu sahədə tətbiq olunan güzəştlər barədə məlumat yayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a verilən məlumata görə, fiziki şəxslərin xaricdən Azərbaycana mobil cihazları gətirməsi ilə bağlı güzəşt mexanizmi Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiqlənmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə tənzimlənir.
Yeni dəyişikliklərə əsasən fiziki şəxslər tərəfindən təqvim ili ərzində bir ədəd mobil cihazın (telefon və ya smartofon) müvafiq hədlər çərçivəsində (fiziki şəxslərin özləri tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı 800 ABŞ dolları, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə gətirilməsi zamanı isə 300 ABŞ dolları) güzəştli qaydada bir dəfə ölkə ərazisinə gətirilməsi imkanları mövcuddur.
Bir telefonun dəyəri yuxarıda qeyd olunan hədlərdən artıq olduqda güzəşt limitindən artıq hissəsinə gömrük ödənişləri tətbiq edilməklə sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Yəni ölkəyə gətirilən telefonun dəyəri göstərilən limitdən (300 və 800 ABŞ dolları ) az olduqda ödəniş tətbiq edilmir.
İl ərzində bir ədəddən artıq mobil cihazın gətirilməsi zamanı isə təmin telefona görə gömrük ödənişləri tam həcmdə ödənilidir.










