Azərbaycanda xaricə qeyri-neft məhsulu ixrac edənlərin yeni siyahısı açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən FED.az-a verilən məlumata görə, bu ilin yavnar-noyabr aylarında Azərbaycanın xaricə qeyri-neft ixracı 3,1 milyard manat olub kİ, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% artıqdır.
Bu dövrdə ölkədən ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkət və sahibkarların siyahısına yeni sahibkar qoşulub.
Bu Süleymanova Göhər Süleyman qızıdır, o ilk 11 ayda xaricə 50,6 milyon dollarlıq məhsul ixrac edib. Maraqlıdır ki, xanım sahibkar iri ixracla bu ildən məşğul olmağa başlayıb, ötən il onun adı ilk 10-luqda deyildi.
Siyahıya isə 90,7 milyon dollarlıq ixracla «MKT İstehsalat və Kommersiya» şirkəti başçılıq edir. Ötən illə müqayisədə şirkətin ixrac 4 milyon manata yaxın artıb.
2-ci yeri yükdaşımaları ilə məşğul olan «Silk Vey Vest» aviaşirkəti yüksəlib. Sözügedən şirkət 11 ayda 75 milyon dollarlıq mal və xidmət ixrac edib. Ötən illə müqayisədə şirkətin xarici sifarişçilərə göstərdiyi xidmətlər 110 dəfə artıb. Ötən il cəmi 700 min manat olmuşdu.
«Baku Steel Company»nin ixracı 57 milyon dollar, «Tabaterra»nın ixracı 30 milyon dollar, «Atena» şirkətinin ixracı 26 milyon dollar təşkil edib.