Azərbaycanın tanınmış nəqliyyat şirkətlərindən olan «Union Logistics» Dövlət Gömrük Komitəsini onun avtomobillərini səbəbsiz olaraq gömrük məntəqəsində saxlamağa və fəaliyyətinə mane olmaqda ittiham edib. Gömrük Komitəsinin cavabı özünü gözlətməyib.
FED.az xəbər verir kp, şirkətin açıqlamasına görə, Çindən çıxan yükləri Qırğızıstan, Özbəkistan, Türkmənistandan keçərək (Orta Dəhliz) Bakıya daşıyan “Union Logistics” şirkətinin 100-ə yaxın azərbaycanlı sahibkara məxsus yüklərlə dolu maşınları, 1 aya yaxındır İpək Yolu terminalında saxlanılır.
Baş verənlərdə Bakı Baş Gömrük İdarəsini və onun rəhbərliyini günahlandıran şirkət bildirir ki, Çindən Azərbaycana 15 günə çatan, 3 türkdilli ölkənin ərazisindən keçərkən heç bir maneə ilə rastlaşmayan yerli sahibkarlara məxsus yüklər Azərbaycan ərazisinə, İpək yolu terminalına daxil olub, amma heç bir səbəb olmadan 20-25 gün terminalda saxlanılır və hələ də təhvil verilmir.
Nəticədə şirkətlə müştərilər, eyni zamanda günlərlə terminalda, tırlarda gecələyən qırğızıstanlı sürücülər arasında haqlı narazılıqlar yaranır: «Bu da 12 ildən çox şəffaf fəaliyyət göstərən «Union Logistics» şirkətinin nüfuzuna ciddi xələl gətirir, şirkətə külli miqdarda ziyan vurur. Çünki şirkət İpək yolu terminalında qalan hər bir avtomobil sürücüsünə günlük olaraq təzminat ödəyir. Anoloji hal mütəmadi davam etdiyindən artıq “Union Logistics” şirkəti uzun zaman çalışdığı müştərilərini itirmiş olur. Xüsusilə qeyd edək ki, son gözləmə nəticəsində 98 yerli sahibkara məxsus yüklə dolu 4 tır 23.06.2024 tarixindən şirkət və sahibkarların müraciətlərinə baxmayaraq, açılmadan İpək yolu terminalında yubadılır»-deyə bildirilir.
Dövlət Gömrük Komitəsi bu ittihamlara dərhal cavab verib. Komitənin axşam saat 11-də yaydığı məlumatda «Union Logistics»in ittihamları rədd edilir, əvəzində komitə şirkətin özünü qanunsuz addımlarda ittiham edib. «Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsi həmin daşınma şirkətinin şikayətləri ilə bağlı ilkin araşdırma aparıb»-deyə komitə bildirir.
Komitə ilk növbədə bildirir ki «Union Logistics» MMC tərəfindən Çindən Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən Azərbaycan ərazinə daxil olub.
Komitə həmin avtomobillərin nömrələrini və ölkə ərazisinə daxil olma vaxtlarını açıqlayıb.
Nəqliyyat vasitəsinin nömrəsi |
Tarix |
Xarici ticarət iştirakçılarının sayı |
08KG371AD / 08KG784PF |
23 iyun 2024 |
9 xarici ticarət iştirakçısı |
08KG367AD / 08KG778PF |
1 iyul 2024 |
15 xarici ticarət iştirakçısı |
01KG087AV/01KG354PI |
30 iyun 2024 |
6 xarici ticarət iştirakçısı |
08KG373AD/08KG766PF |
08 iyul 2024 |
9 xarici ticarət iştirakçısı |
Bu cədvəli yaymaqla Komitə dolayısı yolla bildirir ki, əvvəla haqqında danışılan yük sahiblərinin sayı 98 deyil, maksimum 39-dur.
Komitə bildirir ki, «İpək yolu» gömrük postuna daxil olan avtomobillərdə olan yüklərin gömrük rəsmiləşdirilməsi üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilmişdir. Eyni zamanda, bugünə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.
Komitə xatırladır ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir. Yəni mallar ona görə rəsmiləşdirilməyib ki, onlarla bağlı bəyannamə təqdim edilməyib.
Komitə bildirir ki, rəsmiləşdirilməsi sona çatdırılmış mallar barədə sahibkarlara məlumat verilsə də, onlar malları təhvil almağa tələsmirlər: «Gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmamışdır. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanmışdır».
Gömrük Komitəsi onu da bildirir ki, sahibkarlarla görüşlərdə məlum olub ki, «Union Logistics» MMC sahibkarlara malları təhvil almaq üçün yaxınlaşmamağı, əvəzində 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmalarını tövsiyə edib.
Qeyd edək ki, «Union Logistics»in Gömrük Komitəsinə qarşı ittihamlarında gömrük əməkdaşlarının malları zədələməsi də yer alırdı. Komitə isə bildirir ki, yük avtomobilinə «İpək Yolu» gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilib, və araşdırma göstərib ki, həmin avtomobil Azərbaycan ərazisinə zədəli şəkildə daxil olub.
Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycandakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilib.
«Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilmişdir. Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə məlumat veriləcək»-deyə komitə bildirib.