Yanvar 6-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərliyi ilə Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib.
FED.az xəbər verir ki, görüşdə gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük işinin səmərəliliyinin, şəffaflığın, vətəndaş məmnuniyyətinin artırılması, prosedurların rasionallığının təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması, gömrük hüqupozmalarına qarşı mübarizənin gücləndirilməsi, bilikli kadrların potensialından səmərəli istifadə ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.
Xatırladaq ki, yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar.
Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə sərhədində yerləşən Sədərək, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan qurum rəhbərləri xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.