Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirməkdə təqsirləndirilən şəxs və gömrük inspektoru həbs edilib.
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaq zamanı məlum olub ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib. Belə ki, Əfsər Mirzəliyev vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü maddələri (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.