Yanvarın 25-də Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Naxçıvan gömrüyündə daha bir yenilik – BAKIDAN GEDƏN YÜKLƏRƏ GÖRƏ RÜSUM ÖDƏNİLMƏYƏCƏK
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 70-ə yaxın sahibkar və Baş idarənin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak edib.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev Naxçıvan Muxtar Respublikasında gömrük işinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son dövrdə görülən işlər, tətbiq edilən yeni layihələr barədə məlumat verib.
Vurğulanıb ki, şəffaflığın, məmnuniyyətin yüksəldilməsi, rəqəmsallığın genişləndirilməsi, büdcə daxilolmalarında dayanıqlılığın təmin edilməsi, güclü və güvənli hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş fəaliyyət proqramına uyğun strateji hədəflərdir.
Naxçıvan Baş Gömrük İdarəsi gündəlik iş fəaliyyətini xarici ticarət iştirakçıları ilə açıq dialoq formasında qurur. Biznes subyektlərinin və vətəndaşların qəbulu, onların müraciətlərinə qanunamüvafiq qaydada baxılması və cavablandırılması işi gündəlik olaraq nəzarətdə saxlanılır. Xarici ticarət iştirakçıları ilə keçirilən belə görüşlər gömrük-biznes münasibətlərində qarşıya çıxan məsələlərin müzakirəsi və həlli baxımından əhəmiyyətlidir.
Sonra görüşdə “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti ilə bağlı sahibkarlara məlumat verilib. Vurğulanıb ki, “Şəxsi Hesab Vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir.
Pilot variantda istifadəyə verilən yeni elektron xidmətə ölkə üzrə hələlik 170 sahibkarlıq subyekti qoşulub, onlardan 3-ü Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlərdir. Tədbirdə Naxçıvandan olan daha 6 xarici ticarət iştirakçısının yeni elektron xidmətə qoşulacağı bildirilib.
Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.