Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçirmək nəzərdə tutulur.
"Gömrükdə hər 10 bəyannamədən 4-ü cəmi 3 saata rəsmiləşir"
FED.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
O qeyd edib ki, yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək: "Biz bunu hədəfləmişik. Bu, beynəlxalq praktikada da var. Yaxın dövrlərdə bizim beynəlxalq səfərlərimiz də olmuşdu, digər ölkələrin də təcrübəsinə baxmışıq. Şərti olaraq, əgər risk sistemi özü, Rəqəmsal Gömrük Dəyəri sistemi özü hər şeyin yerli-yerində olduğunu göstərirsə, şərti olaraq 30 dəqiqə ərzində limit qoyulur. Bəyannamə əgər gömrük məmuru tərəfindən 30 dəqiqə ərzində təsdiqlənməsi həyata keçirilmirsə, artıq sistem özü onu avtomatik təsdiqləyir və malların buraxılışı həyata keçiriləcək. Bu təbii ki, növbəti illərdə qarşımızda duran layihədir. Dövlət Gömrük Komitəsinin qarşısında belə bir hədəf var. Yəqin ki, növbəti ən yaxın illərdə, yəqin ki, növbəti ilin sonuna qədər biz çalışacağıq ki, bu sistemin də istifadəsi ilə bağlı IV Gömrük Biznes Forumunda təqdimatlar edə bilək. Bu, bizim indi strateji hədəflərimizdən biridir və yəqin ki, biz ona nail olacağıq".










