Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirib.
FED.az xəbər verir ki, görüş yanvarın 21-də Bakı Baş Gömrük İdarəsində baş tutub.
Görüşdə məqsəd Dövlət Gömrük Komitəsinin pilot variantda tətbiqinə başladığı «Şəxsi hesab vərəqəsi» elektron xidməti barədə sahibkarları və gömrük təmsilçilərini məlumatlandırmaq, onların fikir və rəylərini öyrənmək olub.
Görüşdə Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, gömrükdə şəffaflığın artırılması, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə gömrük sistemində təkmilləşdirmələr aparılır, «Şəxsi hesab vərəqəsi» elektron xidməti də bu istiqamətdə tətbiq edilən mühüm yeniliklərdəndir.
Yeni elektron xidmət biznes fəaliyyətinin, əməliyyatların, maliyyə-uçot sisteminin düzgün qurulmasına münbit şərait yaradır.
Daha sonra Komitənin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə canlı olaraq iştirakçılara izah edilib, sahibkarları və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.