Gömrük borcunun ödənilməsinə dair yeni qayda tətbiq olunacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
Qeyd edək ki, Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:
- girov;
- veksel zaminliyi (aval);
- bank qarantiyası;
- ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;
- sığorta müqavilələri;
- üçüncü şəxsin zaminliyi;
- avans ödəmələr.