Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət iştirakçıları ilə malların rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələləri müzakirə edib.
FED.az DGK-ya istinadən xəbər verir ki, bu məqsədlə komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Görüşün keçirilməsinə səbəb gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, son dövrlər tətbiq edilən yeniliklərə dair sahibkarları məlumatlandırmaq olub.
Görüşdə idarənin əməkdaşları tərəfindən “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, strateji hədəflər, Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) və digər layihələrlə bağlı sahibkarlara ətraflı məlumat verilib.
Qeyd olunub ki, sözügedən layihələr məmnunluğun artırılması, şəffaflığın təmin olunması, rəqəmsal həllər hesabına gömrük əməliyyatlarının asan və sürətli həyata keçirilməsinə zəmin yaradacaq.
Görüş zamanı sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.