Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi boyunca logistika mərkəzləri və gömrük anbarlarının sayı artırılacaq.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bu gün keçirilən "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
"Bu istiqamətdə Dövlət Gömrük Komitəsi tərəfindən İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə işlər görülür. Bu mərkəz və anbarların sayının artırılması üçün lazımi dəstəyi göstərəcəyik", - deyə İ.Hüseynov əlavə edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna). (Report)