Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard 589,48 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 479,93 milyon dollar və ya 3,4% artım deməkdir.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Dövriyyədəki artım idxal əməliyyatlarının kəskin yüksəlməsi fonunda ixracın azalması ilə müşayiət olunub. Belə ki, hesabat dövründə Azərbaycanın ixracı 936,65 milyon dollar (-3,8%) azalaraq 23 milyard 401,21 milyon dollar təşkil edib. Bunun əksinə olaraq, idxal əməliyyatlarının həcmi 2 milyard 416,58 milyon dollar (+12,9%) artaraq 21 milyard 188,27 milyon dollara çatıb.
İdxalın ixracı üstələyən templə artması nəticəsində Azərbaycanın xarici ticarətindəki müsbət saldo kəskin şəkildə kiçilib. Bu ilin ilk on bir ayında müsbət ticarət saldosu 2 milyard 212,94 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 353,23 milyon dollar və ya 2,5 dəfə azalma deməkdir.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 109,55 milyon dollar, ixracı 24 milyard 337,86 milyon dollar, idxalı 18 milyard 771,69 milyon dollar, müsbət ticarət saldosu isə 5 milyard 566,17 milyon dollar olmuşdu.










