2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 40 milyard 862 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 483,4 milyon dollar və ya 3,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard 378,7 milyon dollar olmuşdu.
Bu ilin ilk 10 ayında Azərbaycan 21 milyard 636,8 milyon dollar həcmində məhsul ixrac edib. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 105,5 milyon dollar və ya 4,9% azalıb. Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 22 milyard 742,3 milyon dollar dəyərində məhsul ixrac olunmuşdu. Bu il 10 ayda ümumi ticarət dövriyyəsinin 52,95%-ı ixracın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,75% təşkil edib.
Hesabat dövründə Azərbaycana 19 milyard 225,2 milyon dollar həcmində məhsul idxal edilib. Bu da illik müqayisədə dəyər ifadəsilə 2 milyard 588,8 milyon dollar və ya 15,6% çoxdur. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 16 milyard 636,4 milyon dollar dəyərində məhsul idxal olunmuşdu. Bu il 10 ayda ümumi ticarət dövriyyəsinin 47,05%-ı idxalın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 42,25% idi.
Yekunda, Azərbaycanın xarici ticarətində 2 milyard 411,6 milyon dollar müsbət saldo yaranıb. Müsbət ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 694,3 milyon dollar və ya 2,5 dəfə azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda xarici ticarət saldosu 6 milyard 105,9 milyon dollar təşkil etmişdi.












