Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal əməliyyatları apardığı ölkələr siyahısında Çin Rusiyanı üstələməklə birinci yerdə dayanıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin “İdxalda əsas ölkələr” cədvəlinə istinadən xəbər verir.
Belə ki, hazırkı dövrdə 2 milyard 500 milyon 605 min dollar dəyərində idxal göstəriciləri Çin siyahıda birinci yerdədir. Çinlə olan idxalın həcmi ümumi idxalın 17,64%-ni təşkil edib.
2022-ci illə müqayisədə Azərbaycan Çindən 807 milyon 501 min dollar və ya 47,7% çox məhsul idxal edib. Bundan başqa Çin idxalda əsas ölkələr siyahısında ötən il üçüncü yerdə idi.
Hazırki dövrdə Rusiya siyahıda 2-ci, Türkiyə 3-cü yerdə qərarlaşıb.
Rusiyadan 2 milyard 482 milyon 15 min dollarlıq (ümumi idxalın 17,51%-ni təşkil edib), Türkiyədən isə 1 milyard 908 milyon 189 min dollarlıq (ümumi idxalın 13,46%-ni təşkil edib) məhsul idxal olunub.
Keçən il cədvələ əsasən Rusiya birinci yerdə, Türkiyə isə ikinci yerdə idi.