Azərbaycanın gömrük sistemində süni intellektin işə salınması üzrə hazırlıq başlayıb.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsini öyrənir. Bu məqsədlə Komitə sədrinin müavini Bəhruz Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə olub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri müxtəlif gömrük orqanlarında, o cümlədən Türkiyənin Bolqarıstanla sərhədində yerləşən “Kapıkule” gömrük-sərhəd keçid məntəqəsində olub, süni intellektin tətbiqi ilə risklərin idarəolunması və digər istiqamətlərdə həyata keçirilən əməliyyatlar, onun gömrük işinin səmərəliliyinin artırılmasına təsiri ilə bağlı qardaş ölkənin təcrübəsini öyrəniblər.
İstanbul hava limanında sərnişinlərin sərhədkeçmə proseslərinin tənzimlənməsi, sərnişinlərə dair ilkin məlumatların təhlili proseslərini əyani şəkildə izləyən nümayəndə heyətinin üzvləri TÜBİTAK-da (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) gömrük orqanları üçün maşın öyrənmə metodlarının risklərin idarəolunması sistemində və X-ray cihazlarının proqram təminatında tətbiqi məqsədilə hazırlanan məhsullarla tanış olublar.
Həmçinin səfər çərçivəsində hava limanlarında sərnişinləri narahat edən qeyri-qanuni halların aradan qaldırılması və sərnişinlərə dair məlumatların əvvəlcədən paylaşılması ilə bağlı Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az