Prezident İlham Əliyevin Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanununa etdiyi dəyişikliklər Azərbaycanın tranzit potensialının, logistika imkanlarının, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması ilə yanaşı, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədindən buraxılış məntəqələrində verilməsinin ləğvi milli avtomobil daşıyıcılarının inkişafı, onların ölkəmizin nəqliyyat-logistika imkanlarından faydalanmaları, beynəlxalq bazardan pay əldə etmələrində mühüm rol oynayacaq. Qanunla müəyyən edilmiş normalar sərnişin avtobuslarına da şamil edilir ki, bu da ölkəmizin turizm potensialının artırılmasına şərait yaradacaq.
Vergi Məcəlləsində həyata keçirilən dəyişiklik isə xarici avtomobillərlə Azərbaycan üzərindən daşınan yüklərin miqdarı və təhlükəlilik dərəcəsinə görə tətbiq edilən vergilərin azaldılmasını və ya tamamilə ləğvini nəzərdə tutur.
Belə ki, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yükün təhlükəlilik dərəcəsinə görə ödənilən 80, 160 və ya 320 ABŞ dolları məbləğindəki yol vergisi tamamilə ləğv edilib.
Eyni zamanda əvvəllər xarici dövlətlərdə qeydiyyatda olan ağır çəkili avtonəqliyyat vasitələri yüklə birlikdə çəkisi 38 tondan yuxarı olduğu halda yol vergisinə cəlb olunurdusa indi bu rəqəm 41-ə çıxarılıb. Aparılan təhlillər də göstərir ki, yüklə birlikdə nəqliyyat vasitələrinin çəkisi əksər hallarda 38-41 ton arasında dəyişir.
Qanunvericilikdə edilən dəyişilliklər Azərbaycan üzərindən keçən yükdaşımaların həcminin, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin vaxt və vəsaitə qənaət baxımından cəlbediciliyinin artmasına şərait yaradacaq.
Həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyat proseslərinə sərf edilən vaxt azalacaq ki, bu da daha səmərəli gömrük nəzarətinin aparılmasına imkan verəcək, sərhədkeçmə proseslərini sürətləndirəcək.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.