Azərbaycanda ölkənin aksiz markası ilə markalanmayan 267 806 manat dəyərində olan külli miqdarda tütün məmulatlarını qanunsuz realizə edən 3 şəxsə qarşı həbs qətimkan tədbiri seçilib.
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Bu barədə FED.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda, 267 806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.
Faktla bağlı DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.