2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə ixrac olunan əsas qeyri-neft məhsulları açıqlanıb.
Azərbaycana ən çox valyuta gətirən – ÖZƏL VƏ DÖVLƏT ŞİRKƏTLƏRİ - SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir ki, ilk 2 ayda ölkədən xaricə ən çox ixrac olunan məhsul qızıl və fındıq olub – müvafiq olaraq 60,7 milyon dollar və 57.4 milyon dollar.
3-cü yeri mis filizləri və konsentratları tutur – ilk 2 ayda Azərbaycandan xaricə 44,6 milyon dollarlıq mis satılıb. Qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətən qızıl ixracı 1,5 dəfə, fındıq ixracı isə 2 dəfədən çox artıb.
Qızıl və fındığın ixracının belə kəskin artması onların qiymətinin artımı ilə bağlıdır – son bir ildə qızıl 40%-dən çox, fındıq isə təqribən 2 dəfə bahalaşıb. Mis isə ötən ilin eyni dövründə demək olar ki, ixrac edilməmişdi, bu il axrıc ötən illə müqayisədə 1000 dəfə artıb.
Ən çox ixrac olunan malların siyahısında növbəti yerləri kənd təsərrüfatı malları – pambıq (31,6 milyon dollar), xurma (30,9 milyon dollar) və pomidor (26,6 milyon dollar) tutur. Pambıq ixracında ötən illə müqayisədə kəskin artım olsa da, xurma və pomidor ixracı cüzi artıb.
Azərbaycanın xaricə ixrac etdiyi əsas emal məhsulu – karbamidin ixracında isə geriləmə var – belə ki, ötən ilin eyni dövründə 36 milyon dollarlıq karbamid satıldığı halda, bu il həmin göstərici 22 milyon dollara enib (40% azalma). Alüminium ixracı da təqribən 3 milyon dollar və ya 13% azalaraq 21 milyondan 18 milyon dollara enib.
Ən çox ixrac olunan məhsulların ilk 9-luğunu ənənəvi satış məhsulumuz - alma tamamlayır. Yanvar-fevral aylarında alma bağlarının sahibləri xaricə 17,6 milyon dollarlıq məhsul ixrac ediblər. 4 milyon dollar və ya 30% artım.













