2025-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 616,4 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Ümumi istehsalın 134,3 milyon manatı və ya 21,8 faizi dövlət sektorunun sənaye müəssisələrinin, 482,1 milyon manatı və ya 78,2 faizi isə qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin (fiziki şəxslər) payına düşüb.
Emal sektorunda 552,7 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bunun 478,8 milyon manatı və ya 86,6 faizi qeyri-dövlət sektoruna məxsus olub. Emal sənayesində əsas pay metallurgiya sahəsinin olub – 271,5 milyon manat. Digər istiqamətlər üzrə göstəricilər belədir: qida məhsulları istehsalı – 116,9 milyon manat, içki istehsalı – 22,7 milyon manat, avtomobil, qoşqu və yarımqoşquların istehsalı – 73,9 milyon manat, digər məhsulların istehsalı – 67,7 milyon manat.
2025-ci ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 41,7 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,2 milyon manatlıq məhsul istehsal edilib və xidmət göstərilib.










