Kanadanın “Zenith Energy Ltd” şirkəti Azərbaycanda quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” müqavilə blokundan neft hasilatını dayandırıb.
Eləcə də bax: “Zenith Energy” Azərbaycanda neft yatağından - İMTİNA EDİR
FED.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Afrikada biznesin inkişafı üçün imkanların axtarışına istiqamətlənmiş «Zenith Energy Ltd.” şirkəti quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” blokunun müqavilə reabilitasiya sahəsinin (Contract Rehabilitation Area, CRA) SOCAR-a təhvil verilməsi prosesini uğurla başa çatdırıb. Bununla da «Zenith Energy Ltd.” Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb”, - deyə məlumatda bildirilir.
Azərbaycanda neft hasilatı prosesinə cəlb olunmuş 170-ə yaxın personal SOCAR-ın heyətinə köçürülüb.
“Zenith Energy Ltd.” şirkəti 2020-ci ilin mart ayında “Muradxanlı-Cəfərli-Zərdab” müqavilə blokunun reabilitasiya zonasını SOCAR-a geri qaytarmağı və Azərbaycanda fəaliyyətini mövcud müqavilə çərçivəsində yalnız geoloji-kəşfiyyat işlərinə yönəltməyi planlaşdırdığını bildirmişdi.
“Zenith Energy Ltd.” Azərbaycanda neft hasilatında əhəmiyyətli artıma nail olmaq üçün böyük maliyyə və texniki resurslar cəlb etmişdi. Lakin nəticələr bir sıra səbəblərə, o cümlədən yatağın mürəkkəb geoloji quruluşuna, mövcud quyuların bir çoxunun pis vəziyyətdə olmasına və quyular haqqında tarixi məlumatların qeyri-dəqiqliyinə görə gözləntiləri doğrultmayıb”, - deyə şirkətin bəyanatında qeyd olunmuşdu.
2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş 25 il müddətinə imzalanmışdı. Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR isə 20 faizlik iştirak payına malikdir. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadrat kilometr ərazini əhatə edir.
“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.
Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 milyon ton, qalıq qaz ehtiyatları 36 milyon kubmetr həcmində qiymətləndirilir. Hazırda blok üzrə istismar fondunda 77 quyu var. (İnterfaks)