OCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır.
FED.az xəbər verir ki, Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.
Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.
“BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. “Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.