Noyabrın 30-da TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi üçün Türkiyənin Ədirnə vilayətinə gələn Yunanıstan nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra tədbiri yarımçıq tərk edib.
FED.az xəbər verir ki, bu barədə «Skai» telekanalı məlumat yayıb.
Eləcə də bax: Ərdoğan: “TANAP-la Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyik”
Məlumata görə, türk rəsmiləri Yunanıstanın energetika və təbii sərvətlər nazirinin müavini Dimitris İkonomun başçılıq etdiyi nümayəndə heyətini dayandırmağa çalışsa da, onlar qalmayıblar. Dmitri İkonom tədbiri yarımçıq tərk etməsi barədə mətbuata verdiyi açıqlamasında Ərdoğanın çıxışını Yunanınstan üçün təxribat adlandırıb:
"Qazı Yunanıstan sərhədinə aparacaq kəmərin açılışında idim. Ərdoğan öz çıxışında Kiprdə davam edən qazma işlərinə və Liviya ilə imzalanan sazişlərə toxundu. Bunları deyəndə yunan tərəfinin narazılığını bildirmək üçün tədbirdən ayrılmağı seçdim. Ərdoğan Yunanıstan üçün qazıntı aparan şirkətlərə hücum etdi. Türk rəsmilər tədbiri tərk etməyimə mane olmağa çalışsalar da, qala bilməyəcəyimi söylədim”.