"Azəriqaz" İstehsalat Birliyi ölkəyə yeni qaz sayğacları gətirib.
FED.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.
İ. Kərbəlayev deyib ki, yeni gətirilən sayğaclar artıq laboratoriyaya təqdim edilib:
"Artıq laboratoriyada sayğaclar yoxlanılıb, birinci sınaq mərhələsi yekunlaşıb, ikinci sınaq mərhələsindədir. Birinci sınaq mərhələsində aşkarlanan çatışmazlıqlar artıq aradan qaldırılır. Yeni sayğaclar bir çox üstünlüyü ilə fərqlənir. Məsələn, mobil telefona xüsusi proqram təminatı yükləməklə həmin telefon vasitəsilə balansı artırmaq mümkün olacaq. Əvvəlki sayğacların smart kartında çip sistemi var idi və balansı artırmaq üçün həmin kartı sayğaca daxil etmək lazım idi. Yeni sayğaclarda isə bu, belə deyil. Həmin sayğacların çipi smart kartın üzərində deyil, daxilində yerləşdirilib. Kartı sadəcə sayğaca yaxınlaşdırmaqla yüklənilən məbləği sayğaca köçürmək mümkündür".
Qurum rəsmisi qeyd edib ki, günün qaranlıq saatlarında sayğac üzərində hər hansısa əməliyyat aparan zaman işıqlandırıcı cihaza ehtiyac qalmayacaq: "Yeni sayğac sensorlu ekranla təchiz edilib və sayğacın üzərindəki düyməni sıxmaqla ekran avtomatik işıqlanır".
İ.Kərbəlayev bildirib ki, yaxın vaxtlarda yeni sayğacların sınaq müddəti başa çatacaq və həmin sayğaclar yeni abonentlərin mənzil və obyektlərinə quraşdırılacaq.