Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsilini başa vurmuş 5-ci kurs tələbələri üçün neft hasilatının artırılması məqsədi ilə istifadə olunan müasir üsullara həsr edilmiş 4 günlük seminar işinə başlamışdır.
FED.az SOCAR-a istinadən xəbər verir ki, seminar Yaponiyanın İNPEX şirkətinin təşəbbüsü, “SOCAR UPSTREAM İnternational Management” MMC-nin və BANM-in təşkilatçılığı ilə keçirilir. Seminarda SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, Yaponiyanın Azərbaycandakı səfirliyinin və İNPEX şirkətinin nümayəndələri, Waseda Universitetinin professoru Masanori Kurihara iştirak etmişlər.
BANM-in rektoru Elmar Qasımov seminar iştirakçılarını salamlayaraq bildirmişdir ki, 2017-ci il BANM üçün bir neçə mühüm hadisə ilə yadda qalmışdır. Prezident İlham Əliyevin iştirakı ilə Ali Məktəbin yeni kampusunun rəsmi açılışı olmuş, məzunların ilk buraxılışı və magistratura səviyyəsinə ilk qəbul başlamışdır. Elmar Qasımov Yaponiyanın Waseda Universitetinin professoru Masanori Kurihara və onun həmkarlarına neft veriminin artırılması üsulları ilə bağlı müasir texnologiyalar haqqında biliklərini tələbələrlə bölüşdüklərinə görə minnətdarlığını bildirmişdir.
SOCAR-ın Geologiya və Geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov məktəbdə tələbələr arasında müasir biliklərin yayılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulamışdır. Çıxış edən professor Masanori Kurihara Waseda Universiteti ilə BANM-in əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd etmişdir. Seminarın ilk günü neft hasilatının artırılmasında drenaj mexanizminin rolu, ilkin və ikinci neft çıxarılması məsələlərinə həsr olunmuşdur. Seminarda əlavə neftin çıxarılması üçün istifadə olunan termal, qazvurma, kimyəvi üsullar, ağır neftlərin çıxarılmasında istifadə olunan qeyri-ənənəvi üsullar və s. məsələlər müzakirə olunacaq.
Yaponiyalı professor BANM-nin seminarında iştirak edib
14:47
25 May 2017