2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz hasilatı 27,3 milyard kubmetr təşkil edib, bu da ötən ilin analoji dövründən 13,3% çoxdur.
Eləcə də bax: Azərbaycanda neftin hasilatı, ixracı və emalı üzrə bütün göstəricilər - AZALMAQDADIR
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Nazilriyin operativ məlumatlarına əsasən, qaz hasilaı strukturunda 4,6 milyard kubmetr qaz SOCAR şirkətinin, 7,9 milyard kubmetr qaz – “Azəri-Çıraq-Günəşli” blokunun, 14,8 milyard kubmetr qaz – “Şahdəniz” yatağının payına düşüb.
Bildrilir ki, yanvar-iyul aylarında Azrbaycandan qaz ixracı 12,9 milyard kybmetr (artım 24%) təşkil edib. Hesabat dövründə Türkiyəyə 4,8 milyard kubmetr, Avropaya – 6,5 milyard kubmetr, Gürcüstana – 1,6 milyard kubmetr qaz tədarük olunub.
Həmçinin, bu dövrdə TANAP ilə Türkiyəyə 3,2 milyard kubmetrə yaxın qaz tədarük olunub.
Nazirlikdən qeyd edilib ki, işlənməsinə başlandığı vaxtdan 1 avqust 2022-ci il tarixinə olan vəziyyətə görə AÇG blokundan 198 milyard kubmetrə yaxın qaz, “Şahdəniz” yatağlndan – 172,3 milyard kubmetrdən artıq hasil olunub. Bu dövr ərzində “Şahdəniz” yatağından 119,5 milyard kubmetrdən çox qaz ixrac olunub.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetrdən çox qaz ixrac edib. Avropaya ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın həcmi 24 milyard kubmetr, həmçinin Avropaya – 12 milyard kubmetrdən artıq səviyyədə proqnozlaşdırılır.