Operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar ayında respublikada 2,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Azərbaycan yanvarda Avropaya 1 milyard kubmetr qaz ixrac edib
FED.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Hasilatın 1,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 milyon ton təşkil edib.
Ötən ay ərzində 2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 milyon tonu konsorsiumların, 0,25 milyon tonu SOCAR-ın, 0,05 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Neftin emalı yanvar ayında 0,6 milyon ton təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barrel) olub. Bunun 61,7 min tonunu (454 min barrel) xam neft, 12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib.
2025-ci ilin yanvar ayında respublikada 3,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 2 milyard kubmetri “Şahdəniz”in, 0,1 milyard kubmetri “Abşeron” yatağının, 0,7 milyard kubmetri SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib. Bundan 1 milyard kubmetr Avropaya, 0,7 milyard kubmetr Türkiyəyə, 0,3 milyard kubmetr Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2025-ci il tarixinədək 651,9 milyon ton neft (kondensatla birlikdə), 469,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 602,9 milyon ton neft, 230,8 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49 milyon tona yaxın kondensat, 238,8 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 fevral 2025-ci il tarixinədək 650 milyon tona yaxın neft, 171 milyard kubmetr qaz ixraca nəql edilib.