Əgər İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək.
FED.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi deyib.
O bildirib ki, ABŞ-ın İslami quruluşun özü ilə fundamental problemləri var. Afrika, Asiya və ya Latın Amerikasında bir çox ölkənin ABŞ-la münasibətləri var və onlar hələ də bir çox problemlər yaşayırlar.
“İranın regionda olması onun gücünü və təhlükəsizliyini təmin edir. Mən həmişə ABŞ hökumətinin sözlərinə və ya imzalarına etibar etməmək barədə israr edirəm, buna görə də ABŞ-la danışıqlar faydasızdır. Avropa ilə danışıqlar davam edə bilər, amma biz Avropa paketini gözləmək məcburiyyətində də deyilik. Prezidentin dediyi “İran neftinin ixracına maneələr olacağı təqdirdə, regionda heç bir ölkənin nefti ixrac olunmayacaq” - sözləri İranın sisteminin siyasətini və yanaşmasını əks etdirən vacib sözlərdir”, - deyə Ayətullah Xameneyi qeyd edib.
Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.
Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.