Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdəndir. Son illər Azərbaycanın Avropanın enerji təminatında rolunun yalnız neftlə deyil, eyni zamanda, mavi qaz ixracatı ilə də artması müşahidə olunur.
S&P Türkiyədəki zəlzələnin Azərbaycandan neft tədarükünə təsirini qiymətləndirib
FED.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O vurğulayıb ki, 2022-ci ildə Azərbaycan Avropaya təbii qaz ixracatını 40 faiz artırıb: “Keçən il Azərbaycan 10 milyard kubmetrdən artıq - 11,4 milyard kubmetr mavi qazı Avropa bazarına çıxartdı. Bu onu göstərir ki, Azərbaycan Cənub Qaz Dəhlizinin birinci mərhələsinə uyğun olaraq, daha qısa zamanda Avropanın mavi qaz təminatı ilə bağlı limitinə çata bildi”.
V.Bayramov bildirib ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın Avropaya mavi qaz ixracatı 25 faiz artıb: “Növbəti 3 ildə Azərbaycan Avropaya mavi qaz ixracatını 2 dəfə artıraraq 20 milyard kubmetrdən artıq mavi qazı Avropa bazarına çıxaracaq. Bütün bunlar ondan xəbər verir ki, bu gün Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın xüsusi rolu var. Eyni zamanda, Azərbaycan regional təhlükəsizliyin formalaşmasına xüsusi dəstək və töhfə verən ölkədir. Bu da birbaşa Azərbaycanın regiondakı mövqeyinin və rolunun artmasından xəbər verir. Növbəti illərdə də Azərbaycan regionun, beləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcək. Yalnız ənənəvi deyil, eyni zamanda, bərpa olunan mənbələrdən enerji ixracatını həyata keçirməsi də ondan xəbər verir ki, Azərbaycan artıq Avropa bazarına həm də innovativ məhsullarla, enerji məhsulları ilə daxil olacaq. Bu da bir tərəfdən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun kəskin artmasına, eyni zamanda, Azərbaycanın enerji gəlirlərinin strukturunun diversifikasiya edilməsinə gətirib çıxaracaq”. (Azərtac)