Türkiyənin ən böyük neft yatağında neft hasilatının həcmi sürətlə artaraq Azərbaycanın «Mərkəzi Azəri» yatağındakı həddə yaxınlaşıb.
FED.az xəbər verir ki, Türkiyənin cənub-şərqindəki Şirnak vilayətinin Qabar dağı ərazisindəki ən böyük “qara qızıl” yatağında neft hasilatı sutkada 80 min barelə çatıb. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Energetika nazirinin sözlərinə görə, 2016-cı ildən bəri Türkiyədə neft hasilatı təxminən 3 dəfə artıb.
Xatırladaq ki, Şirnakda ölkə tarixində ən böyük neft ehtiyatları aşkar edilib, buradan hasilat isə 2021-ci ildə başlayıb. Maraqlıdır ki, Türkiyədə, xüsusilə Şırnak yatağında neft hasilatının artması nəticəsində bu yataqda hasil olunan neftin gündəlik həcmi Azərbaycanın ən byöük neft platforması olan «Mərkəzi Azəri»dəki həcmə yaxınlaşıb.
Xatırladaq ki. «Mərkəzi Azəri» 20 il əvvəl fəaliyyətə başlayıb və Azərbaycanın «Əsrin müqaviləsi»nə daxil olan ən böyük neft platformasıdır. İndiyədək ölkədə nəinki «Əsrin müqavilə»si, ümumiyətlə bütün yataqlar üzrə ən böyük hasilat bu platformadadır. İndiyədək bu platformadan 152 milyon ton və ya 1,1 milyard barel neft çıxarılıb. Hazırda bu platformadan gündə 97 min barel neft çıxarılır.
Alparslan Bayraktar bildirib ki, Türkiyədə yeni neft yataqları quruda və suda, bütün ərazilərdə axtarılacaq və kəşfiyyatı davam edəcək. Türkiyənin 12 min metrə qədər dərinlikdə qazma apara bilən gəmiləri də buna imkan verir.
Energetika naziri daha əvvəl bəyan etmişdi ki, Türkiyənin neftə ehtiyacı sutkada 1 milyon barel səviyyəsində qiymətləndirilir.