Türkiyənin Qara dənizdəki «Sakarya» qaz yatağından çıxarılan təbii qazın Türkiyəyə tədarükünə start verilib.
FED.az xəbər verir ki, bununla bağlı aprelin 20-də Zonquldakdakı Filyos rayonunda "Filmos" Qaz Emalı Kompleksində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mərasim keçirilib.
«Bu gün biz eyni vaxtda iki bayramı qeyd edirik - qarşıdan gələn Ramazan bayramı və Türkiyənin enerji müstəqilliyini əldə etməsi üçün mühüm addım olan Qara dəniz qazının tədarükünün başlanmasını»-deyə prezident bildirib.
Onun sözlərinə görə, Türkiyənin «Sakarya» yatağından çıxarılan təbii qazın quruya çatdırılması ölkənin energetika sahəsində asılılıqdan qurtulmaq üçün ilk addımıdır. Ərdoğanın sözlərinə görə, «Sakarya» yatağından təbii qazın çıxarılması 10 min işçi və 50 gəminin də cəlb olunduğu işlər sayəsində mümkün olub və kəşf edilən təbii qazın istifadəyə verilməsi cəmi 32 il ərzində reallaşdı.
Ərdoğan bildirib ki, Türkiyə yataqdan ilkin mərhələdə 10 milyon kubmetr qaz hasil edəcək, gələcəkdə qazılacaq yeni quyularla isə gündə 40 milyon kubmetr qaz çıxarılacaq.
Layihə tam gücünə çatdıqda ölkənin qaz ehtiyacının 30%-ni ödəyəcək: «Bundan əlavə, layihə sayəsində Filyos və Zonguldakı mühüm enerji və texnoloji bazaya çevirmiş oluruq»-deyə Ərdoğan bildirib.
Ölkə liderinin sözlərinə görə, Türkiyə xalqı il ərzində qazdan mətbəxdə istifadə ediləndə və isti suyun sərfiyyatına görə pul ödəməyəcək. Bundan əlavə, sakinlər evlərin qızdırılması üçün istifadə edilən zaman bir ay ərzində pulsuz qaz alacaqlar.
Xatırladaq ki, Türkiyə tərəfindən 2020-ci ildə Qara dənizdə aşkarlanan «Sakarya» yatağının ümumi ehtiyatı 710 mlrd. kubmetr təşkil edir.