“SOCAR Turkey Enerji” şirkəti (ARDNŞ-nin törəməsi, SOCAR) 2020-ci ilin birinci yarısında Türkiyədə “Merkuri” neft-kimya kompleksinin təməlini qoymağı planlaşdırır.
FED.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji” şirkətinin baş direktoru Zaur Qəhrəmanov məlumat verib.
“2020-ci ilin birinci yarısında yeni müəssisənin təməlini qoymağı planlaşdırırıq. Bu sərmayə, SOCAR-ın digər bütün layihələri kimi strateji əhəmiyyətə malikdir. Müəssisə tamamlanıb fəaliyyətə başladıqdan sonra Türkiyənin Saf Tereftal Turşusu (PTA) idxalı tamamən aradan qaldırılacaq”, - Qəhrəmanov bildirib.
O xatırladıb ki, yeni kompleks “Petkim” neft-kimya kompleksivə “STAR” NEZ-in yaxınlığında Əliağa rayonunda inşa olunacaq.
“Bu müəssisə də "Star" NEZ-dən və "Petkim"dən tədarük ediləcək xammalın şaquli inteqrasiya ilə istifadəsinə imkan yaradacaq. Əliağadakı ərazimizdə inşa ediləcəyi üçün həm "Petkim", həm də "Star"dan əldə edilən xammal ehtiyatlarına və birgə istifadə olunan infrastruktura çox yaxın olacaq. Bu da, öz növbəsində həm məhsuldarlıq, həm də rəqabət baxımından böyük üstünlük gətirəcək. Bu müəssisənin qurulması ilə "Star" NEZ-in istehsal edəcəyi reformat məhsulu da burada emal olunacaq və əlavə dəyəri yüksək olan neft-kimya məhsullarına çevriləcək”, - Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, hazırda "Petkim" Türkiyənin yeganə inteqrasiya edilmiş neft-kimya kompleksidir və bazarın yalnız 20%-ni təmin edə bilir. Yeni kompleksin inşası Türkiyənin neft-kimya məhsulları idxalı etməsini azaltmaq və beləliklə, xarici ticarət kəsirinin azaldılmasına töhfə vermək üçün bu payı artırmağa imkan yaradacaq.