Türkiyənin elektrik enerjisi istehsal infrastrukturunun gücü rekord səviyyəyə çatıb.
FED.az xəbər verir ki, qardaş ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyinin avqustun 23-də açıqladığı məlumata görə, Türkiyənin quraşdırılmış elektrik istehsal gücü iyulun sonunda 126 476 meqavata yüksəlib.
Enerji mənbələrinin strukturu Türkiyənin son illərdəki investisiya siyasətini göstərir. Belə ki, ümumi quraşdırılmış gücün 25,6%-i su elektrik, 21,7%-i günəş, 19,6%-i təbii qaz, 17,4%-i kömür, 12,1%-i külək, 1,4%-i geotermal, qalan hissəsi isə digər mənbələrin payına düşür.
Diqqəti çəkən məqam Türkiyədə günəş enerjisinin bütün enerjinin 21%-ni verməsidir. Ölkədə elektrik istehsal edən obyektlərin sayı 43 553-ə yüksəlib və onların 41 458-i günəş elektrik qurğularıdır.
Buraya lisenziyasız kiçik və orta obyektlər də daxildir. Qeyd edək ki, Türkiyə iqtisadiyyatı üçün enerji infrastrukturu təkcə əhali üçün deyil, biznes üçün əsas məsələlərindən biridir. Ölkənin sənaye istehsalı böyükdür, neft və qaz idxalından yüksək asılılıq risklər yaradır. Belə vəziyyətdə günəş, külək və su elektrik stansiyalarının gücünün artması enerji asılılığını azalda bilər.












