Fevralda Türkiyə Azərbaycandan 683 milyon kubmetr təbii qaz idxal edib.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, fevralda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi yanvarla müqayisədə 125 milyon kubmetr azalıb. Azərbaycan fevralda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiya (1,21 milyard kubmetr) və İrandan (685 milyon kubmetr) sonra üçüncü olub.
Yanvarda Türkiyə Azərbaycandan 808 milyon kubmetr, ötən ilin dekabrda isə 794,5 milyon kubmetr təbii qaz idxal etmişdi.
Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Ötən il boru kəmərinin gündəlik orta ötürücülük gücü 23 milyon kubmetrdən çox olub. İl ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon dollar əməliyyat və 352 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə təqribən 1,5 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.