Rusiya və Səudiyyə Ərəbistanı neftin ucuzlaşmasını dayandırmaq və qiymətləri artırmaq yolları barədə düşündükləri bir vaxtda ABŞ prezidenti problemi bir əmrlə həll edib.
“ABŞ donanmasına dənizdə gəmilərimizə qarşı hər hansı maneələr törədərlərsə, İranın bütün silahlı gəmilərinə atəş açmaq və məhv etmək təlimatını verdim”.
FED.az istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
Trampın bu tvitinə İran tərəfinin cavabı da gecikməyib. Belə ki, “İRNA” agentliyinə açıqlama verən ali rütbəli şəxs “Amerika əvvəlcə silahlı qüvvələrini koronavirusdan qorumağa fikrini toplasın” cavabını verib.
Xatırladaq ki, ötən həftə İranın 11 sürət qayığı Bəsrə körfəzində üzən 6 ABŞ gəmisinə təhlükəli şəkildə yaxınlaşaraq hərəkətinə maneə törətmişdi. Açıqlamada sürət qayıqlarının xəbərdarlıqdan sonra bölgədən çəkildiyi, hər hansı münaqişə yaşanmadığı bildirilmişdi.
İran tərəfinin etirazına baxmayaraq, ABŞ prezidentinin bu qərarı əslində İranı üçün sərfəli olub.
Belə ki, Trampın bu qərarından sonra dünya bazarında neft kəskin bahalaşıb. Brent nefti üzrə iyun müqavilələrində qiymətlər 1999-cu ildən bəri minimum qiymətə - 15,99 dollara satıldığı halda, birdən birə 28% bahalaşaraq 20,62 dollara yüksəlib.
WTI nefti üzrə müqavilələrdə isə qiymətlər 30% bahalaşaraq 13,32 dollara yüksəlib. Qiymət artımı indi də davam etməkdədir.