Fransanın “TotalEnergies” şirkəti Braziliyada, Azərbaycanda və Anqolada neft və qaz obyektlərində AUSEA texnologiyasından istifadə etməklə metan aşkarlama və ölçmə tədbirlərini həyata keçirmək üçün milli neft-qaz şirkətləri ilə üç əməkdaşlıq müqaviləsi imzaladığını elan edib.
Dubayda SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər - İMZALANIB - FOTOLAR
FED.az xəbər verir ki, müqavilələr Braziliyanın “Petrobras”, Azərbaycanın SOCAR və Anqolanın “Sonangol” şirkətləri ilə imzalanıb.
Məlumata görə, bu müqavilələr “TotalEnergies” və tərəfdaş olan milli neft-qaz şirkətlərinin metan emissiyalarını müəyyən etmək, kəmiyyətləndirmək və azaltmaq və bütün neft və qaz sənayesini 2030-cu ilə qədər sıfır metan emissiyasını hədəfləməyə təşviq etmək öhdəliyini nümayiş etdirir.
AUSEA metan və karbon qazı emissiyalarını aşkar etməyə və eyni zamanda onların mənbəyini təyin etməyə qadir olan miniatür ikili sensordan ibarətdir. Bu ultra yüngül çəkili drona quraşdırılmış texnologiya həm quruda, həm də dənizdə bütün növ sənaye obyektlərində yüksək dəqiqlikli göstəriciləri təmin etməklə yanaşı, çətin əldə edilən emissiya nöqtələrinə daxil olmağa imkan verir.
Xatırladaq ki, hazırda “TotalEnergies” istismarda olan “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin iştirakçısıdır. Bununla yanaşı şirkət Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iştirakçısıdır. (Apa)