Dünya bazarlarında “qara qızıl”ın qiyməti ucuzlaşmaqda davam edir.
FED.az-ın məlumatına görə, bunu sövdələşmə məlumatları sübut edir.
“Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 2,36% azalaraq bir barel üçün 55,09 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 2,42 % azalaraq bir barel üçün 52,28 ABŞ dollarına düşüb.
“Reuters” agentliyi hesab edir ki, neftin ucuzlaşmasına səbəb pandemiya fonunda xammala tələbatın azalacağlı ilə bağlı narahatlıqlardır. Belə ki, dünyanın ən böyük neft istehlakçılarından biri olan Çin ölkədə koronavirusa yoluxanların sayının artdığını bildirib.
Bundan başqa, infeksiyanın yayılmasının qarşısını almaq üçün bir çox ölkələr sərt karantin qaydaları tətbiq edirlər. Belə ki, Fransa ölkəyə giriş şərtlərini sərtləşdirir, Böyük Britaniyada tətbiq edilən karantinin müddəti mart ayına qədər uzadıla bilər.
Neftin uculaşmasına digər səbəb “Baker Hughes” beynəlxalq enerji texnologiyaları şirkətinin verdiyi məlumatdır. Məlumata görə, ABŞ-da son bir həftə ərzində neft qazma qurğularının sayı 13 ədəd artaraq 373-ə çatıb.