Azərbaycan hökuməti ölkənin enerji sektorunu xarici və yerli investorlara açıq elan edib.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev «Azərenerji»” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında itirak edərkən bildirib
«Xarici şirkətlərin fəaliyyəti ilə bağlı bildirməliyəm ki, müəyyən müddət ərzində biz bu sahəni dövlət inhisarında saxlamışdıq və mən bunun səbəbini də bildirdim. Ancaq hazırda Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin».
Prezident bildirib ki, bəzi şirkətlər Azərbaycanın enerji sektoruna yatırım etmək istəyir, amma onlar artıq mövcud olan və işləyən stansiyalarla maraqlanırlar, hökumət isə onları yeni stansiyalar inşa etməyə dəvət edir:
«Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır».