Azərbaycanda multikulturalizm həyat tərzi olmaqla yanaşı, dövlət siyasəti ilə təmin olunur.
Dövlət başçısı İlham Əliyevin bu bəyanatını vurğulayan ADA Universitetinin professoru, şərqşünas alim Nəriman Qasımzadə Balaxanı neftçiləri qarşısında “Milli Birlik: Kimlik, Dəyərlər və Dövlətçilik” mövzusundakı mühazirəsində hər iki amilin biri-birini tamamladığını diqqətə çəkib.
O, deyib ki, bu gün dünyada monoetnik dövlətlər, demək olar ki, mövcud deyil. Lakin, Azərbaycandan fərqli olaraq, tolerantlıq və multikulturalizm dövlət siyasəti kimi qəbul olunmadığı üçün əksər ölkələrdə bu müxtəliflik xalqların vahidliyini təmin edə bilmir.
Azərbaycan modelinin unikallığından danışan alim nəzərə çatdırıb ki, multikulturalizm müasir cəmiyyətimizin ideoloji dayağı olmaqla yanaşı, tarixi və coğrafi gerçəkliyidir. Bu gerçəkliklər əsrlər boyu Azərbaycan ədiblərinin əsərlərində öz əksini taparaq mədəni dəyərimizə çevrilib. “Kitabi Dədə Qorqud”, dahi Nizaminin poemaları, Füzulinin əsərləri, Hüseyn Cavidin dramlarından çoxsaylı nümunələr gətirən professor Qasımzadə etiqadından asılı olmayaraq azərbaycanlıların bəşəri dəyərləri uca tutduğunu bildirib.
İslam dünyasında qeyd edilən müqəddəs Ramazan ayının vacibliyi ilə bağlı fikirlərini bölüşən şərqşünas alim vurğulayıb ki, azərbaycanlı müsəlmanlara ayrıseçkilik yaddır- onlar heç zaman dini cərəyanlar ətrafında təşkilatlanmayıblar. Bunun nəticəsidir ki, dini ekstremizm ölkəmizdə kök sala bilməz.
Dövlət qayğısı nəticəsində əhalimizin müxtəlif azlıqlarının yaşam tərzi, ənənələrinin qorunması təmin edilir. Bu isə öz növbəsində azərbaycanlıları eyni bayraq altında, eyni suveren dövlətin xalqı kimi daha vahid və güclü edir.
Daha sonra tədbirdə çıxış edən “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev qeyd edib ki, neft sənayemizin beşiyi hesab edilən Balaxanı əraziləri əsrlərdir xalqımızla təbii sərvətini paylaşmaqda davam edir. O, bildirib: “Bizim üzərimizə düşən isə, Müqəddəs Kitabda da qeyd olunduğu kimi, bu sərvətə əmanət kimi baxmaq, məsuliyyətli şəkildə dayanıqlı hasilatı təmin etməkdir.”
Xalqımızı vahid şəkildə gələcəyə aparan qüvvənin gənclər olduğunu deyən Rövşən Rzayev tədbirin sonunda şirkətin bir qrup gənc əməkdaşını hasilatda fərqləndiklərinə görə təltif edib.
Qeyd edək ki, “Balakhani Operating Company LTD” ilə ADA Universiteti arasında mövcud Anlaşma Memorandumuna əsasən hər iki təsisat elmi-tədqiqat layihələri, tələbələrin peşə təcrübəsinin artırılması üzrə əməkdaşlıq edir.
























