Bakı Ali Neft Məktəbində Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin, Almetyevsk Dövlət Neft İnstitutunun və “PricewaterhouseCoopers” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
8 SOCAR-a istinadən xəbər verir ki, səfərdə məqsəd BANM-də təhsil proqramlarının tətbiqi, Heriot-Vatt Universiteti, digər təhsil mərkəzləri və sənaye qurumları ilə əməkdaşlıq, tədrisin kadr potensialının təminatı, istedadlı abituriyentlərin tədrisə cəlb olunması üsulları, məzunların işlə təmin olunması, elmi-tədqiqat işlərinin təşkili, Ali Məktəbin kampusunda infrastrukturunun inkişaf sahəsi ilə tanış olmaqdır.
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbin 5 il ərzində əldə etdiyi nailiyyətlər, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələrin SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunması, eləcə də ilk məzunların uğurları haqqında məlumat vermiş, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov isə Məktəbin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında təqdimat keçirmişdir.
“Tatneft”-in Kadr və sosial inkişaf üzrə departamentinin baş direktor müavini Rüstəm Muhamadeyev Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından məmnunluğunu bildirmiş, Tatarıstan-Azərbaycan dostluq əlaqələrinindən danışaraq bu əməkdaşlığın təhsil sahəsinə də sirayət edəcəyinə əminliyini söyləmişdir.
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev institutun Tatarıstan Respublikasında neft sənayesi üzrə kadrlar hazırlayan aparıcı təhsil müəssisəsi olduğunu, Tatneft və PwC şirkətləri ilə birlikdə institutun inkişaf strategiyası üzərində çalışdıqlarını bildirmişdir.
Görüşdə BANM ilə “Tatneft” və Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Tatarıstanlı qonaqlar BANM-in kampusundakı təhsil-təlim, sosial-mədəni və idman infrastrukturu ilə tanış olmuşlar.
Tatarıstan nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub
15:49
26 İyul 2017