Azərbaycanda təbii qazın qiymətinin qismən artımı ilə bağlə qərar verən Tarif Şurası ətraf ölkələrdə qazın qiymətinin daha yüksək olduğunu açıqlayıb.
Eləcə də bax: Təcili: Təbii qaz bahalaşdı - TARİF ŞURASINDAN QƏRAR
FED.az xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilir. Şura bildirib ki, dünya bazarında ərzağın qiymətinin artımı, eləcə də dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları əksər ölkələrdə təbii qazın qiymətinin artması ilə nəticələnib. «Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır».
Tarif Şurası bildirib ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir.
«Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir»-deyə Şuranın açıqlamasında bildirilir.