Bu ilin aprel ayında Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə 6 477 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 630 194 593 kubmetr) qaz nəql edilib ki, bu da mart ayının göstəricisi ilə müqayisədə 42% çoxdur.
Eləcə də bax: Azərbaycan İtaliyaya qaz nəqlini iki dəfə - Artırıb
FED.az xəbər verir ki, TAP konsorsiumundan verilən məlumata görə, mart ayında boru kəməri vasitəsi ilə 4 565 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 444 162 161 kubmetr) qaz nəql edilib.
Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, bu ilin I rübündə Azərbaycan Avropaya təqribən 1,1 mlrd. kubmetr qaz ixrac edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. (Apa)