Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ən azından iki mərhələyə tam gücünə çatdırıla bilər.
FED.az xəbər verir ki, hazırda qaz kəmərinin tikintisinin birinci fazası yerinə yetirilir. Birinci faza çərçivəsində işlər bitəndən sonra kəmər vasitəsilə ildə 10 mlrd. kubmetr qaz nəql etmək mümkün olacaq.
Məlumata əsasən, kəmərin tam gücünə, yəni 20 mlrd. kubmetrə çatdırılması isə bazarda olan tələbatdan asılı olaraq ən azı iki mərhələdə həyata keçiriləcək. Kəmərin genişləndirilməsi eyni kəmərdə yeni kompressor stansiyaları əlavə etməklə iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilə bilər.
“TAP-ın mərhələlərlə qurulması planlaşdırılıb”, - deyə TAP-dan bildirilib.
Qeyd edək ki, TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək “market-test”in (bazar sınaqları) birinci mərhələsində iştirak etmək üçün sənəd qəbulu elan edir. “Market-test”ə bu ilin iyul ayının 1-də start verilib. Gələcəkdə bu proses tədarükçülərə kəmərin artırıla biləcək nəqletmə imkanlarından istifadə etməyə və kəmərin genişləndirilməsinə şərait yaradacaq.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb. TAP-ın inşasına başlanılandan bəri 88,5%-i işlər yekunlaşıb.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.