Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) tam ötürücülük gücünə çatdıqdan sonra illik ümumi gəlirləri 1,5 milyard ABŞ dolları ola bilər.
Eləcə də bax: Saltuk Düzyol: “TANAP ilə Türkiyəyə 8,4 mlrd kubmetr qaz nəql edilib"
FED.az xəbər verir ki, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, layihə 2022-ci ildə tam ötürücülük gücünə çatacaq: “TANAP-ın ötürücülük gücü ilbəil artmaqdadır”.
O qeyd edib ki, TANAP tam gəlirli layihədir: “Layihə yatırımçısına böyük pullar qazandıracaq bir layihədir. Xüsusilə də onun payçısı olan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) böyük gəlirlər gətirəcək”.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. (Report)