Bu il sentyabr ayının sonuna qədər Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib.
FED.az-ın məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın Baş direktoru Saltuk Düzyol bildirib.
O xatırladıb ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihədə tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45% qənaətə nail olunub: “Bu layihə 6,5 milyard dollarlıq sərmayəyə başa gəlib".
O bildirib ki, layihə tam zamanında tamamlanıb.
S.Düzyol qeyd edib ki, TANAP layihəsi çərçivəsində bu günədək boru kəməri boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədi ilə 1000-ə yaxın layihə həyata keçirilib.
Onun sözlərinə görə, layihənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına beynəlxalq standartlara uyğun əməl olunub.
O qeyd edib ki, layihədə cəmi 114 251 824 adam-saat iş yerinə yetirilib: “İnşaat həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50 908 400 kubmetr təşkil edib”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.
Report