Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Kəmərinin əsas hissəsi olan TANAP-ın təqribən 5 milyard dollar qənaətlə tikilməsinin səbəbləri açıqlanıb. Qeyd edək ki, tikiləcəyi barədə qərar verilərkən 11,7 milyard dollara başa gələcəyi gözləniən layihə 45% qənaətlə, yəni 6,5 milyard dollara başa gəlib. Başqa sözlə, 5,2 milyard dollara qənaət edilib.
FED.az xəbər verir ki, TANAP-ın Baş direktoru Saltuk Düzyolun sözlərinə görə, buna həm TANAP komandasının işi, həm də dünyadakı iqtisadi vəziyyət səbəb olub.
Eləcə də bax: TANAP daha bir mükafata layiq görülüb
Saltuk Düzyol bildirib ki, belə böyük qənaətin bir neçə əsas səbəbi var.
Bunlardan birincisi layihə komandasının satınalma prosesini düzgün idarə etməsi olub. İkinci mühüm səbəb dünyadakı iqtisadi vəziyyət, daha dəqiqi iqtisadi aktivliyin azalmasıdır. Bu səbəbdən təchizatçı şirkətlər TANAP layihəsinə daha böyük diqqət ayıraraq daha yaxşı, səryəli qiymətlər təklif ediblər.
Nəhayət, layihədə qənaətə imkan yaradan digər mühüm səbəb tikintinin gecikmədən aparılmasıdır. Saltuk Düzyol bildirib ki, belə böyük layihələrdə əlavə xərclərin 65-70%-i məhc gecikmələr səbəbindən baş verib: «Amma biz buna imkan vermədik , podratçı şirkətlərin işləri vaxtında yerinə yetirilməsi üçün güclü nəzarət təşkil edildi və layihə gecikmədən icra edildi».