Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasındakı məqsədlər bunlardır:
- ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq;
- bu sahədə sahibkarlığı dəstəkləmək;
- qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək;
- əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.
Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri idarəetmə qurumlarına malik olan, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri yaradılır.
Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295.62 hektar, bu parkın baş planına əsasən Parkın Sənaye Zonası 192 hektar təşkil edir. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşir.
Müasir üslubda dizayn edilmiş və 21 hektar təşkil edən Sosial zonada Parkın rezidentləri üçün 16 mərtəbəli inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərir.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının hazırda 8 rezidenti var və bu rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.
Sumqayıt Kimya Sənaye Parkının 8 rezidenti vardır:
1.”Azertexnolayn”
“Hidromakina” MMC adı altında 20 fevral 2012-ci il tarixində yaradılmış “Azertexnolayn” MMC şirkəti 23 sentyabr 2013-cü il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almış və Sənaye Parkının 24 ha sahəsində müxtəlif diametrli borular və hidrotexniki avadanlıqlar istehsal edir. Bu borular və avadanlıqlar əsasən Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında istehsal edilir.
Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azertoxnolayn” MMC-nin 3 zavodu – Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu və Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir.
2.”SOCAR Polymer”
“SOCAR Polymer” MMC 16 iyul 2013-cü ildə yaradılmış, 23 sentyabr 2013-cü ildə isə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almışdır.
Bu şirkət Sənaye Parkının 30 ha torpaq sahəsində polipropilen və polietilen istehsal edir. Bu materiallar əsasən Kanada və Avstriya texnologiyası əsasında istehsal edilir.Müəssisə də həmçinin yerli xammaldan,Sumqayıtda istehsal olunan propilen və etilendən istifadə ediləcəkdir.
3.”Azerfloat” QSC
“AzerFloat” QSC 18 mart 2014-cü ildə yaradılmış, həmin ilin 18 dekabr tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almışdır.
Bu şirkət sənaye parkının 12.04 ha ərazisində Float texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğuldur. Buradakı şüşə istehsalı alman texnologiyasına əsaslanır.
4.”Azerbaijan Fibro Cement” MMC
“Azerbaijan Fibro Cement” MMC 31 yanvar 2013-cü ildə yaradılmış və “Synergy Group” ASC-yə daxildir. 5 fevral 2015-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.
Müəssisə sənaye parkının 9.0173 ha torpaq sahəsində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirir.
5.Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti
“Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” MMC 5 oktyabr 2015-ci ildə yaradılmış, 19 fevral 2016-cı il tarixində isə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almışdır.
Şirkət Sənaye Parkının 5 ha torpaq sahəsində Float texnologiyası (isti vannada yayma) əsasında ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsal edir. Burada Ferroərintilər Zavodunun inşası da nəzərdə tutulur.
6.SIKA Şirkəti
İsveçrənin SIKA şirkəti 1910-cu ildə yaradılıb və dünyanın 80 ölkəsində onun 150 fabriki fəaliyyət göstərir. Azərbaycanda isə bu şirkət “SİKA” MMC adı ilə 2005-ci ildən fəaliyyətə başlamış və 15 mart 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almışdır.
Qeyd edək ki, şirkət Sənaye Parkının 1 ha torpaq sahəsində tikinti-inşaat qatqıları üçün xammal və hazır məhsul istehsalını həyata keçirəcək zavod inşa edir.
Şirkət ilkin investisiya kimi 5 milyon dollar yatırmışdır.
Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz edən yerli məhsulların istehsalına imkan yaradacaq, o cümlədən məhsullarda xarici komponentlərdən istifadəni azaldacaqdır.
7.Azərbaycanın “MST Engineering Services” Şirkəti
Sumqayıt Kimya Sənaye Parkı MMC-də 7-ci rezident statusunu alan “MST Engineering Services” 2011-ci ildə yaradılıb və “MST Group” şirkətinə daxildir. 14 mart 2016-cı ildə isə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almışdır. Həmin Parkın 2 ha torpaq sahəsində ABŞ-ın “Parker Hannifin” şirkəti ilə birgə müxtəlif növ və çeşiddə yüksək təzyiqə davamlı xortum və fitinqlərin yığılması və istehsalını həyata keçirəcək.
İstehsal olunan avadanlıqlar kimya, maşınqayırma, metallurgiya, neft-qaz, tikinti və qida sənayesində istifadə olunacaq.
Zavodun inşası 2016-cı ilin sonunda başa çatacaq, zavod müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcəkdir.
Zavodda istehsal ediləcək məhsulların daxili tələbatı ödəməsi və MDB ölkələrinə ixrac olunması gözlənilir.
8.”Aqrokimya Azərbaycan” MMC Şirkəti
"Aqrokimya Azərbaycan" MMC Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalını və satışını həyata keçirəcək.
Qeyd edək ki, "Aqrokimya Azərbaycan" MMC 2016-cı ilin iyun ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Bu müəssisə sözügedən Sənaye Parkının sayca 8-ci rezidentidir.
Düşünürük ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması kimya sənayesinin inkişafında böyük rol oynayacaqdır. O cümlədən, bu sahədə ixrac potensialının artırılmasında böyük əhəmiyyət kəsb edəcəkdir.
Mənbə: scip.az
Sumqayıt Sənaye Parkı
17:43
29 İyul 2016