“Star” neft emalı zavodu işə salınma mərhələsindədir.
FED.az xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, zavodda sınaq prosesi demək olar ki, başa çatıb:
“Bütün bölmələr istifadəyə verilib, istehsal faktiki olaraq başlayıb. Zavodda reaktiv yanacaq, dizel yanacağı, mayeləşdirilmiş karbohidrogen qazı və digər məhsullar istehsal olunur”.
M.Lekomptenin sözlərinə görə, bu ilin sonunadək zavodda 8 milyon tonadək xam neft emal olunacaq.
“Petkim” neft-kimya kompleksi barədə danışan rəsmi bildirib ki, müəssisə Türkiyədə ən iri neft-kimya məhsulları istehsalçısıdır:
“Hazırda müəssisə bazarda tələbatın təxminən 20 faizini təmin edir. Türkiyədə "Petkim"in müştəriləri 2500-3000 nəfərdir. Ölkə xaricində "Petkim" 11 ölkəyə məhsul ixrac edir. Kompleks 20-dən çox müxtəlif məhsul istehsal edir”.
SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaları barədə danışan M.Lekompte vurğulayıb ki, şirkət bu ölkədə ən iri beynəlxalq investordur:
“Türkiyəyə ən iri investisiyalar faktiki olaraq Azərbaycandan, SOCAR-dan daxil olur. 2008-ci ildən SOCAR Türkiyədə işə başlayandan bu günədək investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edib. Əgər planlaşdırılmış məbləğləri əlavə etsək, 19,5 milyard dollar rəqəmini əldə edirik. 2020-ci ildən başlayaraq yeni neft-kimya zavodunun tikilməsi planlaşdırılır. Hazırda bunun üzərində işləyirik, bu işə 2-3 il vaxt gedəcək. Bu, "SOCAR Turkey" ilə BP-nin birgə layihəsidir”.